İyunun 9-da Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin və birinci xanım Mehriban Əliyevanın iştirakı ilə üç modul tipli xəstəxananın videokonfrans vasitəsilə açılışı olub.
Prezident İlham Əliyev çıxışında Sumqayıt şəhərinin inkişafından, son illər görülmüş işlərdən danışıb: “Sumqayıt şəhərinə mən daim böyük diqqət göstərirəm və Prezident kimi dəfələrlə Sumqayıtda olmuşam, orta hesabla minimum ildə iki dəfə, bəzi illərdə daha da çox. Sumqayıtın sənaye potensialının inkişafı bu gün göz qabağındadır. Sumqayıt nəinki Azərbaycanın, eyni zamanda, Cənubi Qafqazın ikinci böyük sənaye şəhəridir və eyni zamanda, müasir sənaye şəhəridir. Çünki bildiyiniz kimi, – yaşlı nəsil bunu yaxşı bilir, – əvvəlki dövrdə Sumqayıtda çox çətin ekoloji vəziyyət mövcud idi. Bu gün yeni istifadəyə verilmiş bütün müəssisələr yüz faiz ekoloji standartlara cavab verir. Buna görə Sumqayıtda indi ekoloji vəziyyət çox yaxşılaşıb və hava da təmizdir. Sumqayıt bu gün parklar, bağlar şəhəridir, yaşıllaşdırma işləri gedir. İndi insanları rahatsız edən və ekoloji problem yaradan Acıdərə kanalı da təmizlənir. Buraya da böyük vəsait ayrılır. Bununla paralel olaraq, şəhər infrastrukturu yeniləşir, o cümlədən sosial obyektlər inşa edilir”.
Prezident çıxışında bildirib ki, 1 saylı şəhər xəstəxanasının əsaslı təmirindən sonra vəziyyət daha da yaxşılaşıb: “Mənim göstərişimlə hazırda 2 saylı xəstəxananın tikintisi gedir. İlkin mərhələdə belə təklif olundu ki, o təmir edilsin. Amma sonra mənə verilən məlumata görə, bu, mümkünsüz olub və demək olar ki, xəstəxana yenidən tikiləcək. Bu, bir daha onu göstərir ki, vaxtında görülmüş işlər ən böhranlı dövrdə bizə lazım ola bilər”.
Şərhlər (0)