Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev çıxışında bildirdi ki, biz indi ağıllı şəhər – “Smart City” layihəsi üzərində işləyirik: “Bu layihənin ilkin təzahürləri artıq görünməkdədir. Biz daha uzağa gedərək artıq “Smart Nation” – yəni, “Ağıllı ölkə” proqramı üzərində işləməyə başlamışıq:
Ölkəmizin rəqəmsallaşdırılması, informasiya texnologiyalarının bütün sahələrdə tətbiq edilməsi bizim prioritet sahəmizdir”.
İlham Əliyev
Prezidentin sərəncamı ilə “Smart City” (Ağıllı şəhər) konsepsiyası hazırlanır
Qeyd edək ki, Prezident İlham Əliyevin 27 fevral 2020-ci ildə imzaladığı sərəncamla təsdiqlənən “Açıq hökumətin təşviqinə dair 2020–2022-ci illər üçün Milli Fəaliyyət Planı”da “Ağıllı şəhər”lə bağlı pilot layihənin həyata keçirilməsi imkanlarının araşdırılması öz əksini tapıb.
Sənədə əsasən, Nəqliyyat, Rabitə və Yüksək Texnologiyalar Nazirliyi, Azərbaycan Respublikasının Prezidenti yanında Vətəndaşlara Xidmət və Sosial İnnovasiyalar üzrə Dövlət Agentliyi, Dövlət Şəhərsalma və Arxitektura Komitəsi 2020–2021-ci illərdə “Ağıllı şəhər” konsepsiyasının tətbiqi ilə bağlı araşdırma aparmalı və pilot layihə həyata keçirilməsi imkanlarını müəyyənləşdirməlidir.
“Ağıllı şəhər” kimi Sumqayıt seçildi
Prezident İlham Əliyev 2 iyun 2020-ci il tarixli sərəncamı ilə “Ağıllı şəhər” konsepsiyasının tətbiqinə start vermiş oldu. Belə ki, ölkə rəhbərinin “Sumqayıt şəhərində müasir işıqlandırma sistemlərinin quraşdırılması ilə bağlı tədbirlər haqqında” imzaladığı sərəncam məhz “Ağıllı şəhər” konsepsiyasının tətbiqi ilə bağlıdır.
Sərəncamda qeyd olunur ki, son illərdə Sumqayıt şəhərində mühüm infrastruktur layihələri həyata keçirilmiş, kommunal və sosial xidmətlərin həcmi və keyfiyyəti daha da yaxşılaşmış, abadlıq işləri geniş vüsət almışdır. Bu tədbirlərin davamı olaraq, növbəti dövrlərdə də əhalinin elektrik enerjisi ilə təminatında, habelə küçə və prospektlərin işıqlandırılmasında idarəetmə, nəzarət, ölçmə və hesabatlılıq, habelə enerji sərfiyyatına və xidmət xərclərinə qənaət kimi üstünlükləri olan, işıqlandırma səviyyəsini proqramlaşdırmağa imkan verən və intellektual idarəetməyə əsaslanan işıqlandırma sistemlərinin quraşdırılması diqqət mərkəzində saxlanılacaq aktual məsələlərdəndir. Yeni və müasir işıqlandırma sistemləri funksionallığı ilə yanaşı, şəhərin estetik görünüşünü də dəyişərək onun simasını müasir çalarlarla daha da zənginləşdirir.
Sumqayıt şəhərində ən müasir və qabaqcıl texnologiyaların imkanlarından istifadə etməklə enerjiyə qənaətə imkan verən və enerji səmərəliliyini artıran, fasiləsiz işıqlandırmanı təmin edən müasir işıqlandırma sistemlərinin quraşdırılması ilə bağlı imzalanmış bu sərəncam “Ağıllı şəhər” konsepsiyasının reallaşdırılması istiqamətində atılmış önəmli addım kimi dəyərləndirilməlidir.
İntellektual idarəetməyə əsaslanan işıqlandırma sistemlərinin hansı üstünlükləri var?
Statistik məlumatlara görə orta ölçülü bir şəhərdə ümumi enerji istehlakının təxminən 40% -i işıqlandırmanın payına düşür ki, bu da küçə və magistral yolların funksional işıqlandırılmasına, eyni zamanda memarlıq abidələrinin, binaların dekorativ işıqlandırılmasını təmin edir.
Enerji qiymətlərinin artması və ətraf mühit amilləri, enerjiyə qənaət edən küçə işıqlarından daha çox istifadə etmək üçün innovativ həllər axtarmağı zəruri edir.
Həm ətraf mühit, həm də iqtisadi amilləri nəzərə alaraq problemin optimal həlli küçə işıqlandırmasına nəzarət üçün ağıllı sistemlərin istifadəsidir: bu sistemlər eyni zamanda enerji istehlakını ölçməyə, təhlil etməyə və azaltmağa imkan verir. Bu cür texnologiyalar sayəsində istismar xərclərini əhəmiyyətli dərəcədə azaltmaqla yanaşı “ağıllı” sistem sayəsində proseslərin uzaqdan izlənməsi və idarə olunması da mümkündür.
Müvafiq proqramın istifadəsi ağıllı işıqlandırma nəzarət sisteminin imkanlarını daha da genişləndirir. Xüsusi proqram məlumatları toplamağa və emal etməyə imkan verir. Bu sistem cihazların ömrünü artırır və enerji istehlakının maya dəyərini azaldır.
Bir çox şəhərlərdə həyata keçirilmiş hesablamalara görə bu cür idarəetmə sistemlərinin yüksək səmərəliliyi və funksionallığı enerji istehlakının 50% və əməliyyat xərclərinin 40% azalmasını təmin edir. Bu vəziyyətdə, nasazlıqlar avtomatik olaraq qeyd olunur və aradan qaldırılır.
Serverlər tərəfindən alınan məlumatları qiymətləndirdikdən sonra fərdi küçə işıqlarının və ya bütövlükdə işıqlandırma sisteminin işıq intensivliyi avtomatik idarə olunur. İşıqlandırmanın bu cür tənzimlənməsi təkcə enerji istehlakını əhəmiyyətli dərəcədə azaltmır, həm də qurğuların ömrünü uzadır və bununla da təmir xərclərini azaltmış olur.
“Ağıllı şəhər” konsepsiyasının əsas komponentlərindən biri də məhz şəhər ərazisində texnoloji imkanlardan istifadə etməklə enerji resurslarından səmərəli və qənaətlə istifadə olunmasıdır. Bu baxımdan Sumqayıt şəhərində İntellektual idarəetməyə əsaslanan işıqlandırma sistemlərinin quraşdırılması ilə bağlı atılacaq addımlar “Ağıllı şəhər” konsepsiyasının digər kompenentlərinin də tətbiqinə təkan vermiş olacaq.
Sumqayıtın “Ağıllı şəhər” təcrübəsi var…
Sumqayıt şəhərinin “Ağıllı şəhər”lə bağlı bağlı müəyyən təcrübəyə malik olması imkan verir ki, gələcəkdə digər sahələrdə də müasir texnologiyaların tətbiqi vasitəsi ilə idarəetməni daha da asanlaşdırsın.
Son illər ərzində Prezident İlham Əliyevin Sumqayıta və sumqayıtlılara göstərdiyi diqqət və qayğısı, eləcə də ayırdığı vəsaitlər sayəsində şəhərdə istismarı başa çatmış liftlərin yeni elektron tipli liftlərlə əvəz olundu. Bu yenilənmə imkan verdi ki, Sumqayıt şəhərində lift xidmətinin intellektual idarəetmə sistemi yaradılsın. Regionda ilk dəfə olaraq Sumqayıt şəhərində 2018-ci ilin fevral ayından etibarən “Lift-Servis” Birliyində intellektual idarəetmə sistemi fəaliyyətə başlayıb ki, bu sistem mərkəzləşdirilmiş dispetçer xidməti vasitəsi ilə idarə olunur.
Bu sistem sadəcə liftlə bağlı problemləri deyil, həm də bu problemlərin səbəbini müəyyənləşdirir, onların təhlilini aparır və həlli yollarını göstərir. Sözügedən sistem vətəndaşlara daha keyfiyyətli xidmət göstərməyə, onların təhlükəsizliyini daha etibarlı şəkildə təmin etməyə əsas verir.
Aqrtıq iki ildir ki, istismarda olan liftlərin istismar işlərinin mərkəzləşdirilmiş dispetçer xidməti (MDX) ilə idarə edilməsi işlərinə onlayn rejimdə başladılıb.
Yeni yaradılan intelektual idarəetmə sistemi ilə liftlərin dayanması, liftlərin dayanma səbəbləri, idarəetmə stansiyasında olan ötürücülərin durumu, gərginlik kəsilən anda fasiləsiz enerji mənbəyinin qoşulması, kabinədən birbaşa danışıq əlaqəsi sisteminin durumu, kənar şəxslərin maşın zalına icazəsiz girməsi, sakinlərin liftlərin istismarı qaydalarını pozması ilə bağlı bilgilər quraşdırılmış xüsusi avadanlıqlarla onlayn rejimdə MDX-yə ötürülür.
Bu gün Sumqayıt şəhərinin bu sahədəki təcrübəsi başqa şəhərlər tərəfindən də öyrənilir. Bu sahədəki təcrübə eyni zamanda şəhər ərazisində başqa sahələrdə də intelektual idarəetmə sistemlərinin tətbiqinə müəyyən imkanlar yaradır.
Son illərdə Prezident İlham Əliyevin başçılığı ilə Sumqayıt şəhərinin Cənubi Qafqazın ikinci böyük sənaye şəhərinə çevrilməsi, burada çalışan müəssisələrdə çağdaş texnoloji avadanlıqların hazırlanması, şəhərin çağdaş texnologiyaların tətbiqi sahəsində müəyyən potensialının olması, eyni zamanda çağdaş texnoloji bilikləri olan gənc kadrların mövcudluğu “Ağıllı şəhər” konsepsiyasının Sumqayıtda uğurla, yüksək səviyyədə keçiriləcəyinə tam əminlik yaradır.