Şərh edilməmiş

2 saylı Sumqayıt regional “ASAN xidmət” Mərkəzi istifadəyə verildi

2 saylı Sumqayıt regional “ASAN xidmət” Mərkəzi

İyulun 20-də 2 saylı Sumqayıt regional “ASAN xidmət” Mərkəzi istifadəyə verilib.

YALAN.info bildirir ki, Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev 2 saylı Sumqayıt regional “ASAN xidmət” Mərkəzinin açılışını etdi.

Azərbaycan Respublikasının Prezidenti yanında Vətəndaşlara Xidmət və Sosial İnnovasiyalar üzrə Dövlət Agentliyinin sədri Ülvi Mehdiyev dövlətimizin başçısına Sumqayıtda 2-ci, ölkə üzrə isə 24-cü olan “ASAN xidmət” Mərkəzində yaradılan şərait barədə məlumat verdi.

Bildirildi ki, indi Sumqayıtda fəaliyyət göstərən 1 saylı regional “ASAN xidmət” Mərkəzi gün ərzində 3 minə qədər vətəndaşa xidmət göstərir. Xidmətlərə artan ciddi tələbat nəzərə alınaraq, Sumqayıtda ikinci regional “ASAN xidmət” Mərkəzi inşa edilib. Ümumilikdə, ölkə üzrə “ASAN xidmət” mərkəzlərinə bu günədək 54 milyona yaxın müraciət daxil olub.

Qeyd edildi ki, 2 saylı Sumqayıt regional Mərkəzi üçün dördmərtəbəli inzibati bina, fəvvarə, iki yerüstü avtomobil dayanacağı, kafe, istirahət və uşaq əyləncə meydançaları yaradılıb. Fasadlarda müasir texnologiyalardan istifadə edilib.

Mərkəzdə müxtəlif dövlət orqanları, özəl şirkət və müəssisələr tərəfindən Sumqayıt şəhəri, Qobustan, Xızı, Siyəzən və Abşeron rayonlarında qeydiyyatda olan 700 minə yaxın vətəndaşa ümumilikdə 325 xidmət göstəriləcək. Eyni zamanda, Mərkəz ölkəmizin başqa regionlarında qeydiyyatda olan vətəndaşlara da ərazi məhdudiyyəti olmadan xidmət edəcək. Bu Mərkəzdə dövlət orqanlarının fəaliyyət göstərəcək işçiləri də daxil olmaqla, ümumilikdə 192 əməkdaş və 45 könüllü çalışacaq.

Məlumat verildi ki, Mərkəzdə 220 video müşahidə kamerası, 13 monitor, 150 kompüter, 101 printer, 125 İP telefon, elektron növbə sistemini tənzimləyən 18 monitor, 2 “ASAN ödəniş” terminalı, 3 elektron rəy sorğusu (exit poll) köşkü, “108 Çağrı mərkəzi”nə zəng köşkü, elektron şikayət köşkü (Skype), mərkəzləşdirilmiş havalandırma və yanğın söndürmə sistemləri və 2 lift quraşdırılıb.

Mərkəzdə üzərində xüsusi QR kodlar əks olunan məlumat tabloları yerləşdirilib. QR kodları oxudaraq “ASAN xidmət” və “ASAN Kommunal” mərkəzlərinin, habelə “YAŞAT” Fondunun fəaliyyəti barədə məlumat əldə etmək mümkündür. Həmçinin regionlarda startapların inkişafını dəstəkləmək məqsədilə burada “INNOLAND” mərkəzi fəaliyyət göstərəcək.

Ülvi Mehdiyev Prezident İlham Əliyevə 2 saylı Sumqayıt “ASAN xidmət” Mərkəzində yaradılan ASAN müraciət, Rəqəmsal dövrdə dövlət xidmətləri və Mərkəzləşdirilmiş kart tədarükü sistemləri barədə məlumat verdi.

Bildirildi ki, ASAN müraciət sistemi ictimai xarakter daşıyan kommunal, yol və nəqliyyat problemləri, infrastrukturun cari təmiri, abadlaşdırılması və təmizliyi ilə bağlı şikayətlərin elektron xəritə üzərində qeyd edilməklə operativ surətdə aidiyyəti dövlət qurumlarına göndərilməsini və həmin şikayətlərə baxılmanın nəticələrinin izlənilməsini təmin edən informasiya sistemidir.

Qeyd olundu ki, Mərkəzdə dövlət xidmətlərinin rəqəmsallaşdırılması və xidmətlərin göstərilməsində reaktiv və proaktiv modellərə keçidin təmin edilməsi məqsədi ilə Elektron Hökumətin İnkişafı Mərkəzi tərəfindən G2C, G2B və G2G formatında bir çox layihələr həyata keçirilib. Elektron Hökumətin İnkişafı Mərkəzi tərəfindən formalaşdırılan layihələrin ümumi sayı 25-dən çoxdur.

Həmçinin diqqətə çatdırıldı ki, müasir dövrdə plastik kartların yayılması və müxtəlif sahələrdə istifadəsinin genişlənməsi onların tədarükünə olan marağı daha da artırıb. Plastik kartların operativ şəkildə hazırlanması və istifadəsi zamanı təhlükəsizliyin təmin olunması məqsədi ilə ölkəmizdə Mərkəzləşdirilmiş Kart Tədarükü prosesinin başladılması zərurəti yaranıb. Mərkəzdə ənənəvi olaraq “ABAD Food Hall” təşkil edilib.

2 saylı Sumqayıt regional “ASAN xidmət” Mərkəzi istifadəyə verilib
Şərh edilməmiş

Sumqayıt Şəhidlər Xiyabanında Qalib Əsgər abidəsi ucaldıldı

Sumqayıt Şəhidlər Xiyabanında ucaldılmış Qalib Əsgər abidəsi

Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev iyulun 20-də Sumqayıt şəhərində olub, Şəhidlər Xiyabanında aparılan əsaslı təmir və yenidənqurma işləri ilə tanış olub.

YALAN.info bildirir ki, dövlət başçısı öncə Şəhidlər Xiyabanında ucaldılmış Qalib Əsgər abidəsinin və Xocalı Soyqırımı qurbanlarının xatirəsinə həsr olunan abidənin önünə gül dəstələri qoydu.

Sumqayıt Şəhər İcra Hakimiyyətinin başçısı Zakir Fərəcov Prezident İlham Əliyevə Şəhidlər Xiyabanında görülən işlərlə bağlı məlumat verdi. Bildirildi ki, Sumqayıt şəhərində 1992-ci ildə salınan, 513 şəhidin uyuduğu Şəhidlər Xiyabanı 2021-ci ildə əsaslı şəkildə təmir olunub, burada kompleks yenidənqurma işləri aparılıb. Şəhidlər xiyabanında hündürlüyü 30 metr olan yeni bayraq dirəyi quraşdırılıb.

Qeyd edildi ki, Şəhidlər Xiyabanının ərazisi genişləndirilərək 1,2 hektara çatdırılıb. Şəhidlər Xiyabanında yaşıllıq örtüyü salınıb, işıqlandırma sistemi müasirləşdirilib, fəvvarə kompleksi tikilib. Burada yenidənqurma işləri çərçivəsində Vətən Müharibəsi şəhidlərinin əziz xatirəsinə “Zəfər ağacı” abidəsi yaradılıb. Həmçinin inzibati bina inşa olunub.

Şəhidlər Xiyabanında Birinci Qarabağ Müharibəsi zamanı itkin düşmüş 144 şəxs haqqında məlumatların əks olunduğu abidə ucaldılıb.

Prezident Sumqayıt Şəhidlər xiyabanında aparılan əsaslı təmir və yenidənqurma işləri ilə tanış olub
Şərh edilməmiş

Sumqayıt şəhəri “Smart City” (Ağıllı şəhər) seçildi

Sumqayıt şəhəri “Smart City” (Ağıllı şəhər) seçildi

Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev çıxışında bildirdi ki, biz indi ağıllı şəhər – “Smart City” layihəsi üzərində işləyirik: “Bu layihənin ilkin təzahürləri artıq görünməkdədir. Biz daha uzağa gedərək artıq “Smart Nation” – yəni, “Ağıllı ölkə” proqramı üzərində işləməyə başlamışıq:

Ölkəmizin rəqəmsallaşdırılması, informasiya texnologiyalarının bütün sahələrdə tətbiq edilməsi bizim prioritet sahəmizdir”.

İlham Əliyev

Prezidentin sərəncamı ilə “Smart City” (Ağıllı şəhər) konsepsiyası hazırlanır

Qeyd edək ki, Prezident İlham Əliyevin 27 fevral 2020-ci ildə imzaladığı sərəncamla təsdiqlənən “Açıq hökumətin təşviqinə dair 2020–2022-ci illər üçün Milli Fəaliyyət Planı”da “Ağıllı şəhər”lə bağlı pilot layihənin həyata keçirilməsi imkanlarının araşdırılması öz əksini tapıb.

Sənədə əsasən, Nəqliyyat, Rabitə və Yüksək Texnologiyalar Nazirliyi, Azərbaycan Respublikasının Prezidenti yanında Vətəndaşlara Xidmət və Sosial İnnovasiyalar üzrə Dövlət Agentliyi, Dövlət Şəhərsalma və Arxitektura Komitəsi 2020–2021-ci illərdə “Ağıllı şəhər” konsepsiyasının tətbiqi ilə bağlı araşdırma aparmalı və pilot layihə həyata keçirilməsi imkanlarını müəyyənləşdirməlidir.

“Ağıllı şəhər” kimi Sumqayıt seçildi

Prezident İlham Əliyev 2 iyun 2020-ci il tarixli sərəncamı ilə “Ağıllı şəhər” konsepsiyasının tətbiqinə start vermiş oldu. Belə ki, ölkə rəhbərinin “Sumqayıt şəhərində müasir işıqlandırma sistemlərinin quraşdırılması ilə bağlı tədbirlər haqqında” imzaladığı sərəncam məhz “Ağıllı şəhər” konsepsiyasının tətbiqi ilə bağlıdır.

Sərəncamda qeyd olunur ki, son illərdə Sumqayıt şəhərində mühüm infrastruktur layihələri həyata keçirilmiş, kommunal və sosial xidmətlərin həcmi və keyfiyyəti daha da yaxşılaşmış, abadlıq işləri geniş vüsət almışdır. Bu tədbirlərin davamı olaraq, növbəti dövrlərdə də əhalinin elektrik enerjisi ilə təminatında, habelə küçə və prospektlərin işıqlandırılmasında idarəetmə, nəzarət, ölçmə və hesabatlılıq, habelə enerji sərfiyyatına və xidmət xərclərinə qənaət kimi üstünlükləri olan, işıqlandırma səviyyəsini proqramlaşdırmağa imkan verən və intellektual idarəetməyə əsaslanan işıqlandırma sistemlərinin quraşdırılması diqqət mərkəzində saxlanılacaq aktual məsələlərdəndir. Yeni və müasir işıqlandırma sistemləri funksionallığı ilə yanaşı, şəhərin estetik görünüşünü də dəyişərək onun simasını müasir çalarlarla daha da zənginləşdirir.

Sumqayıt şəhərində ən müasir və qabaqcıl texnologiyaların imkanlarından istifadə etməklə enerjiyə qənaətə imkan verən və enerji səmərəliliyini artıran, fasiləsiz işıqlandırmanı təmin edən müasir işıqlandırma sistemlərinin quraşdırılması ilə bağlı imzalanmış bu sərəncam “Ağıllı şəhər” konsepsiyasının reallaşdırılması istiqamətində atılmış önəmli addım kimi dəyərləndirilməlidir.

İntellektual idarəetməyə əsaslanan işıqlandırma sistemlərinin hansı üstünlükləri var?

Statistik məlumatlara görə orta ölçülü bir şəhərdə ümumi enerji istehlakının təxminən 40% -i işıqlandırmanın payına düşür ki, bu da küçə və magistral yolların funksional işıqlandırılmasına, eyni zamanda memarlıq abidələrinin, binaların dekorativ işıqlandırılmasını təmin edir.

Enerji qiymətlərinin artması və ətraf mühit amilləri, enerjiyə qənaət edən küçə işıqlarından daha çox istifadə etmək üçün innovativ həllər axtarmağı zəruri edir.

Həm ətraf mühit, həm də iqtisadi amilləri nəzərə alaraq problemin optimal həlli küçə işıqlandırmasına nəzarət üçün ağıllı sistemlərin istifadəsidir: bu sistemlər eyni zamanda enerji istehlakını ölçməyə, təhlil etməyə və azaltmağa imkan verir. Bu cür texnologiyalar sayəsində istismar xərclərini əhəmiyyətli dərəcədə azaltmaqla yanaşı “ağıllı” sistem sayəsində proseslərin uzaqdan izlənməsi və idarə olunması da mümkündür.

Müvafiq proqramın istifadəsi ağıllı işıqlandırma nəzarət sisteminin imkanlarını daha da genişləndirir. Xüsusi proqram məlumatları toplamağa və emal etməyə imkan verir. Bu sistem cihazların ömrünü artırır və enerji istehlakının maya dəyərini azaldır.

Bir çox şəhərlərdə həyata keçirilmiş hesablamalara görə bu cür idarəetmə sistemlərinin yüksək səmərəliliyi və funksionallığı enerji istehlakının 50% və əməliyyat xərclərinin 40% azalmasını təmin edir. Bu vəziyyətdə, nasazlıqlar avtomatik olaraq qeyd olunur və aradan qaldırılır.

Serverlər tərəfindən alınan məlumatları qiymətləndirdikdən sonra fərdi küçə işıqlarının və ya bütövlükdə işıqlandırma sisteminin işıq intensivliyi avtomatik idarə olunur. İşıqlandırmanın bu cür tənzimlənməsi təkcə enerji istehlakını əhəmiyyətli dərəcədə azaltmır, həm də qurğuların ömrünü uzadır və bununla da təmir xərclərini azaltmış olur.

“Ağıllı şəhər” konsepsiyasının əsas komponentlərindən biri də məhz şəhər ərazisində texnoloji imkanlardan istifadə etməklə enerji resurslarından səmərəli və qənaətlə istifadə olunmasıdır. Bu baxımdan Sumqayıt şəhərində İntellektual idarəetməyə əsaslanan işıqlandırma sistemlərinin quraşdırılması ilə bağlı atılacaq addımlar “Ağıllı şəhər” konsepsiyasının digər kompenentlərinin də tətbiqinə təkan vermiş olacaq.

Sumqayıtın “Ağıllı şəhər” təcrübəsi var…

Sumqayıt şəhərinin “Ağıllı şəhər”lə bağlı bağlı müəyyən təcrübəyə malik olması imkan verir ki, gələcəkdə digər sahələrdə də müasir texnologiyaların tətbiqi vasitəsi ilə idarəetməni daha da asanlaşdırsın.

Son illər ərzində Prezident İlham Əliyevin Sumqayıta və sumqayıtlılara göstərdiyi diqqət və qayğısı, eləcə də ayırdığı vəsaitlər sayəsində şəhərdə istismarı başa çatmış liftlərin yeni elektron tipli liftlərlə əvəz olundu. Bu yenilənmə imkan verdi ki, Sumqayıt şəhərində lift xidmətinin intellektual idarəetmə sistemi yaradılsın. Regionda ilk dəfə olaraq Sumqayıt şəhərində 2018-ci ilin fevral ayından etibarən “Lift-Servis” Birliyində intellektual idarəetmə sistemi fəaliyyətə başlayıb ki, bu sistem mərkəzləşdirilmiş dispetçer xidməti vasitəsi ilə idarə olunur.

Bu sistem sadəcə liftlə bağlı problemləri deyil, həm də bu problemlərin səbəbini müəyyənləşdirir, onların təhlilini aparır və həlli yollarını göstərir. Sözügedən sistem vətəndaşlara daha keyfiyyətli xidmət göstərməyə, onların təhlükəsizliyini daha etibarlı şəkildə təmin etməyə əsas verir.

Aqrtıq iki ildir ki, istismarda olan liftlərin istismar işlərinin mərkəzləşdirilmiş dispetçer xidməti (MDX) ilə idarə edilməsi işlərinə onlayn rejimdə başladılıb.

Yeni yaradılan intelektual idarəetmə sistemi ilə liftlərin dayanması, liftlərin dayanma səbəbləri, idarəetmə stansiyasında olan ötürücülərin durumu, gərginlik kəsilən anda fasiləsiz enerji mənbəyinin qoşulması, kabinədən birbaşa danışıq əlaqəsi sisteminin durumu, kənar şəxslərin maşın zalına icazəsiz girməsi, sakinlərin liftlərin istismarı qaydalarını pozması ilə bağlı bilgilər quraşdırılmış xüsusi avadanlıqlarla onlayn rejimdə MDX-yə ötürülür.

Bu gün Sumqayıt şəhərinin bu sahədəki təcrübəsi başqa şəhərlər tərəfindən də öyrənilir. Bu sahədəki təcrübə eyni zamanda şəhər ərazisində başqa sahələrdə də intelektual idarəetmə sistemlərinin tətbiqinə müəyyən imkanlar yaradır. 

Son illərdə Prezident İlham Əliyevin başçılığı ilə Sumqayıt şəhərinin Cənubi Qafqazın ikinci böyük sənaye şəhərinə çevrilməsi, burada çalışan müəssisələrdə çağdaş texnoloji avadanlıqların hazırlanması, şəhərin çağdaş texnologiyaların tətbiqi sahəsində müəyyən potensialının olması, eyni zamanda çağdaş texnoloji bilikləri olan gənc kadrların mövcudluğu “Ağıllı şəhər” konsepsiyasının Sumqayıtda uğurla, yüksək səviyyədə keçiriləcəyinə tam əminlik yaradır.

Şərh edilməmiş

Prezident İlham Əliyev Sumqayıtın inkişafından danışdı

Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev

İyunun 9-da Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin və birinci xanım Mehriban Əliyevanın iştirakı ilə üç modul tipli xəstəxananın videokonfrans vasitəsilə açılışı olub.

Prezident İlham Əliyev çıxışında Sumqayıt şəhərinin inkişafından, son illər görülmüş işlərdən danışıb: “Sumqayıt şəhərinə mən daim böyük diqqət göstərirəm və Prezident kimi dəfələrlə Sumqayıtda olmuşam, orta hesabla minimum ildə iki dəfə, bəzi illərdə daha da çox. Sumqayıtın sənaye potensialının inkişafı bu gün göz qabağındadır. Sumqayıt nəinki Azərbaycanın, eyni zamanda, Cənubi Qafqazın ikinci böyük sənaye şəhəridir və eyni zamanda, müasir sənaye şəhəridir. Çünki bildiyiniz kimi, – yaşlı nəsil bunu yaxşı bilir, – əvvəlki dövrdə Sumqayıtda çox çətin ekoloji vəziyyət mövcud idi. Bu gün yeni istifadəyə verilmiş bütün müəssisələr yüz faiz ekoloji standartlara cavab verir. Buna görə Sumqayıtda indi ekoloji vəziyyət çox yaxşılaşıb və hava da təmizdir. Sumqayıt bu gün parklar, bağlar şəhəridir, yaşıllaşdırma işləri gedir. İndi insanları rahatsız edən və ekoloji problem yaradan Acıdərə kanalı da təmizlənir. Buraya da böyük vəsait ayrılır. Bununla paralel olaraq, şəhər infrastrukturu yeniləşir, o cümlədən sosial obyektlər inşa edilir”.

Prezident çıxışında bildirib ki, 1 saylı şəhər xəstəxanasının əsaslı təmirindən sonra vəziyyət daha da yaxşılaşıb: “Mənim göstərişimlə hazırda 2 saylı xəstəxananın tikintisi gedir. İlkin mərhələdə belə təklif olundu ki, o təmir edilsin. Amma sonra mənə verilən məlumata görə, bu, mümkünsüz olub və demək olar ki, xəstəxana yenidən tikiləcək. Bu, bir daha onu göstərir ki, vaxtında görülmüş işlər ən böhranlı dövrdə bizə lazım ola bilər”.

Prezident və birinci xanım üç modul tipli xəstəxananın açılışında iştirak ediblər
Şərh edilməmiş

Sumqayıt şəhəri haqqında və şəhərin adı ilə bağlı əfsanələr

TapEv.Az - Sumqayıtda Ev Alqı-Satqısı

Sumqayıt Azərbaycan Respublikasında respublika tabeli şəhərdir. Yeni məskunlaşılmasına baxmayaraq, əhalisinin sayına və sahəsinə görə Bakı və Gəncədən sonra üçüncü böyük şəhərdir.

Sumqayıt şəhəri Abşeron yarımadasında, Xəzər dənizinin qərb sahilində düzənlik ərazidə yerləşir. Tabeləiyində Hacı Zeynalabdin və Corat qəsəbələri vardır. Ərazisi 94.17 km, əhalisinin sayı 2018-ci il siyahıya alınmasında 326.020 nəfər idi. Şəhər əhalisinin orta sıxlığı isə 3.570 nəfər/km təşkil edir. İnzibati rayon ərazisi Abşeron yarımadası ərazisinin 9495 hektarını tutur. Torpağı günəşli, iqlimi quru suptropik və yarımsəhradır. Küləkli günlərin sayı ildə 75, küləyin sürəti adətən 5–20 m/san təşkil edir. Havanın ən aşağı tempuraturu -13 °C yanvar, ən isti tempraturu isə +40 °C avqust ayı təşkil edir. Havanın illik orta tempraturu +14 °C-dir. Yay fəsli torpaq örtüyünün tempraturu +60 °C qədər catır. Yağıntılar başlıca olaraq payız-qış-yaz aylarına düşür. Yay ayları quraq keçir. İl boyunca 247 mm yağıntı düşür. Ərazidə şimal (Xəzri) çox, cənub küləyi (Gilavar) isə az müşahidə edilir. Şəhərin cənubundan Samur-Abşeron kanalı axır. Kanal Ceyranbatan su anbarına tökülür. Ərazidə cöl heyvanları: tülkü, çaqqal, dovşan, canavar, ördək, göyərcin, sığırcın vardır.

“Sum, qayıt” əfsanəsi

Bu əfsanəyə görə, günlərin bir günü uzaq ellərdən gələn dəvə karvanı bu yerdən keçir. Onların su ehtiyatı qurtarır, susuzluğa davam gətirə bilməyən karvan sahibləri arasında bir-birini dərin məhəbbətlə sevən Sum və Ceyran adlı iki gənc də var idi. Bir tərəfdən susuzluq, bir tərəfdən isə qızmar günəş altında, qumlu səhrada yerimək, Ceyranı lap taqətdən salmışdır. Sevgilisinin susuzluğa dözə bilmədiyini görən Sum Ceyrana deyir:

– Sən burada məni gözlə, ya ölərəm, ya da sənə su taparam!

Sum karvandan aralanıb gedir. Lakin sevgilisinin fəlakətlə qarşılacağını öncədən duyan Ceyran onun ardınca qışqırır:

– Sum, qayıt! Sum, qayıt! Sum, qayıt!

Sumqayıt çay

Şəhərin adının mənşəyi ilə bağlı başqa bir fikir, şəhərdən bir az şimalda axan Sumqayıt çayla əlaqədardır. Şəhər ərazisindən Sumqayıt çayı axır. Çay əsasən suyunu dənizə çatdıra bilmir. Buna səbəb yarımsəhra və qumluq zonasında suyun süzülməsi (İnfiltirizasiya) hadisəsidir. Çay əsasən yağış suları, az miqdarda qar və yeraltı suları ilə qidalanır. Ən böyük qolu Qozlu çayıdır. Çayın mənbəyi Dübrar dağıdır. Yarımsəhra şəraitində axan çayın mənsəbi yoxdur və çay quraqlıqda tamamilə quruyur. Çayın Xəzər dənizinə axmayıb geri qayıtdığına görə ona qədim türkdilli tayfalar “su qayıdan çay” demişlər. Çayın adı və sonradan salınmış şəhərin adı da, elə bu anlayışdan əmələ gəlmişir.